İQTİSADİYYAT
Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişimi qlobal valyuta bazarındakı proseslərdən asılı olacaqdır
Bakı, 1 yanvar (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankının 2013-cü ildə də məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcəkdir.
AZƏRTAC xəbər verir ki, tədiyyə balansının cari əməliyyatlar hesabında gözlənilən profisit növbəti ildə də manatın ABŞ dollarına qarşı məzənnəsinə təsir edən başlıca amil olacaqdır. Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişimi isə qlobal valyuta bazarındakı proseslərdən asılı olacaqdır. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır.
Məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin qorunması vəzifəsi nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Ümumən, manatın məzənnəsinin fundamental sabitliyi makroiqtisadi və maliyyə sabitliyinin əsas amillərindən biridir.