DÜNYA
Marsda böyük meteorit aşkar olunub VİDEO
Bakı, 23 iyul (AZƏRTAC). Mars torpaqlarında öz hədəfinə doğru hərəkət edən “Curiosity” marsoxodu nisbətən böyük meteorit aşkar edib.
Təxminən iki metr uzunluğunda dəmir parçası, ola bilsin, göründüyündən xeyli böyükdür və bir hissəsi bu planetin qırmızı süxurlarının lap dərinliyinə gedib çıxır.
Bu tapıntı Qırmızı planetin sirlərinin açılmasına doğru atılan daha bir mühüm addımdır. Sən demə, bu planetdə aşkar edilən bütün meteoritlər dəmirdəndir, yaxud onların tərkibinin xeyli hissəsini dəmir təşkil edir.
Yer kürəsində tapılan bütün meteoritlər isə adi daş parçalarıdır. Alimlər bu məsələni belə izah edirlər: dəmir meteoritlər müxtəlif temperatur dəyişmələrinə asanlıqla davam gətirir, daş meteoritlər isə belə şəraitdə adi quma çevrilir.
Meteorit iki hissədən ibarətdir. Onun böyük parçası “Lebanon”, kiçik parçası isə “Lebanon B” adlanır.