İQTİSADİYYAT
Marşrutlarda tətbiq olunacaq yeni sistemdə ödəmə kartları pulsuz veriləcəkdir
Bakı, 22 fevral (AZƏRTAC). Marşrutlarda tətbiq olunacaq yeni sistemdə ödəmə kartları pulsuz veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev demişdir.
Bu istiqamətdə işlərin aparıldığını bildirən İ.Əliyev qeyd etmişdir ki, ödəniş kartlarını şəhərin marketlərindən almaq mümkün olacaqdır. İlkin mərhələdə istifadəçilərin sayına uyğun kart buraxılacaqdır ki, bu da təxminən 1-3 milyon olacaqdır. İstifadəçilər kartlarının balansında məbləğ qurtararsa, onu yenidən yükləyə biləcəklər.
Kart sisteminin tətbiqi ilə bəzi xoşagəlməz halların da aradan qalxacağını vurğulayan İ.Əliyev, sərnişinlərin kartdakı balansı öyrənmək üçün avtobus dayanacaqlarında quraşdırılan interaktiv lövhələrdən istifadə edə biləcəklərini diqqətə çatdırmışdır.
Sərnişinlər kartları banklar, köşklər, müxtəlif marketlər və mobil terminallar vasitəsilə əldə edə biləcəklər.
Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmasına mayda başlanılacağı gözlənilir.