CƏMİYYƏT
Martda Bakıda və Abşeron yarımadasında yağıntıların miqdarı iqlim normasından az olub
Bakı, 7 aprel, AZƏRTAC
Martda hava şəraiti nisbətən mülayim keçib. Lakin ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Havanın orta aylıq temperaturu aran rayonlarda 4°-dək, dağətəyi rayonlarda 5°, dağlıq rayonlarda 6°, Lənkəran-Astara zonasında 3°, Naxçıvan Muxtar Respublikasında 5°-dək , Bakıda və Abşeron yarımadasında isə 3°-dək iqlim normasından yüksək olub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Xidmətin rəisinin sözlərinə görə, ən isti günlər martın 13-14-də qeydə alınıb. Bakıda 18-23° isti qeydə alınıb ki, bu da orta sutkalıq temperatur iqlim normasından 8° yüksək olub.
"Ay ərzində havanın maksimal temperaturu aran rayonlarında 22-27°, dağlıq rayonlarda 14-19°, Naxçıvan Muxtar Respublikasında 20-24° isti olub.
Ən aşağı temperatur göstəricilərinə gəlincə, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, dağlıq rayonlarda 1-6° şaxta, Naxçıvan Muxtar Respublikasında 1° şaxtadan 4°-dək isti, aran rayonlarında 1-6° isti, Bakıda və Abşeron yarımadasında 3-8° isti olub.
Yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb. Yağıntıların əsasən Bakıda və Abşeron yarımadasında, dağətəyi və dağlıq rayonlarda və bəzi aran rayonlarında iqlim normasından az olması qeydə alınıb.
Ay ərzində şimal-qərb küləyi əsib, tez-tez güclənib.