REGİONLAR
Masallı məktəblilərinin Yeni il sevinci
Masallı, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyəti, Masallı Regional Mədəniyyət İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə rayonun məktəbliləri əsl bayram sevinci yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun incəsənət ustaları bayram şənliyində iştirak edən ümumtəhsil məktəblərinin şagirdləri qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Gənc aparıcılar Humay Əliyeva və Aytac Nəsirlinin bayram təbrikləri ilə başlanan tədbir Masallı Xalq Teatrı kollektivinin hazırladığı bədii hissə ilə davam edib. Məktəblilərin, fidanların alqış sədaları ilə Şaxta baba və Qar qızın səhnəyə çıxması hər kəsə xoş anlar yaşadıb. Onların tədbir iştirakçılarına payladığı bayram hədiyyələri məktəblilərin sevincinə sevinc qatıb.
Nağıl qəhrəmanlarının, klounların uşaqlarla əyləncəli anları, birgə rəqsləri, məktəblilərin Vətənə, Həmrəylik Gününə, Yeni ilə həsr edilmiş şeirləri, səhnəcikləri şənliyə toplaşanlarda xoş əhval-ruhiyyə yaradıb.
Rayon Mədəniyyət Mərkəzinin “Təravət” ansamblının müşayiəti ilə səslənən şən təranələr, solistlərin ifaları, eləcə də “Masallı” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.