REGİONLAR
Masallıda Milli Qurtuluş Günü qeyd olunub
Masallı, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Vətənin yeganə ümid yeri, qurtuluş çırağı” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün ölkəmizin hər bir tarixi gününü Qarabağın işğaldan azad edilməsi sevinci ilə qeyd edirik.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi, həm də müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi.
Bu gün ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı, Prezident İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik dövlətə çevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi və 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili kimi yazıldı.
Onlayn tədbirdə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, ilk partiya təşkilat sədrlərindən Vidadi Nəzərov, Dilbər İbayeva, partiya fəallarından Nazilə Hüseynova və başqaları mövzu ilə bağlı çıxış ediblər.