REGİONLAR
Masallıda kənd təsərrüfatı məhsullarının həcmi 31,9 faiz artıb
Masallı, 10 fevral, Bağır Əliyev, AZƏRTAC
Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə 20 hektarda meşə zolağı salınıb. Ərazidə park-bulvar kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətində 2017-ci ildə rayonda sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış nailiyyətləri əks etdirən filmə baxıblar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ötən il Masallı rayonunda sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu il olub, rayonda yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, hesabat ilində şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında salınan park-bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. Uzunluğu 750 poqonmetr olan beton bəndin 591 poqonmetrində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzlərinin, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı şəhərində 27 kommunal yaşayış binasının blok, fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılıb. Hesabat ilində 60 şagird yerlik Kubin, 80 şagird yerlik Meşəkənarı, 60 şagird yerlik Mololon və 35 şagird yerlik Ləngan ümumi orta məktəbləri istifadəyə verilib, Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəb binalarının tikintisinə başlanılıb. Bu dövrdə Masallı şəhərində 100 yerlik “Viləş” uşaq bağçası, 100 yerlik Kolatan kənd uşaq bağçası, 60 yerlik 2 saylı şəhər uşaq bağçası və 60 yerlik Sərçuvar kənd uşaq bağçasının yeni binaları tikilib istifadəyə verilib, 15 çarpayılıq Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib. Həmçinin 17 kənddə həkim və tibb məntəqəsi, 240 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib.
Məruzədə diqqətə çatdırılıb ki, Prezidentin Sərəncamına əsasən Masallı Sənaye Məhəlləsinin yaradılması məqsədilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində Masallı şəhəri ərazisində yerləşən 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb və tikinti işlərinə başlanılıb. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 656,5 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 49,9 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 31,9 faiz artaraq 139,3 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,9 faiz artaraq 81,4 milyon manat təşkil edib. Cəlb edilmiş investisiya nəticəsində cari ildə rayonda 1251 yeni iş yeri yaradılıb.
Yığıncaqda çıxış edən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev, Maliyyə İdarəsinin rəisi Azər Abdullayev, Köhnə Alvadı kənd bələdiyyəsinin sədri Vaqif Məmmədov, Məşğulluq Mərkəzinin sədri Elsevər İmamyarov, Masallı şəhər ərazisi üzrə nümayəndə Kamal Mazanov və başqaları 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışıb, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və Milli Məclisin üzvü Musa Qasımlı çıxış edərək, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, əldə olunan uğurlardan danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Tədbirdə rayonda əmək sahəsində və ictimai-siyasi işlərdə fərqlənənlərin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr verilib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.