REGİONLAR
Masallının daha iki kəndinə təbii qaz verilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Masallı rayonunun Babaküçə və Sığdaş kəndlərinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki,163 abonenti olan Babaküçə kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 468 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 163 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
252 abonenti olan Sığdaş kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 712 metr müxtəlif diametrli polietilen, həmçinin uzunluğu 13 min 210 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Masallı rayonunun daha 6 kəndində (İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Bala Təklə, Qodman , Xanalion) tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.