SİYASƏT
Mavritaniya mətbuatı 28 May – Respublika Günündən yazır
Madrid, 29 may, AZƏRTAC
Mavritaniya İslam Respublikasının “Əl-Ərəbi”, “Vətən xəbərləri” və “Huriya Media” qəzetlərində “28 May Azərbaycanın Milli Günüdür” adlı məqalə dərc edilib.
Məqalədə diqqətə çatdırılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanda Respublika Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Qısa ömür yaşamış müstəqil Azərbaycan Cümhuriyyətinin böyük nailiyyətlərindən bəhs edilən məqalədə qeyd olunur ki, bu uğurlar həm də ölkənin sivil və müstəqil dövlət qurmaq bacarığını dünyaya nümayiş etdirdi.
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilən yazıda qeyd olunur ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycan aydın mövqe tutur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan dinamik inkişaf edir. Azərbaycanın yeri və rolu nəzərə alınmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edildi.
Diqqətə çatdırılır ki, müasir dünyada qadınların sosial-siyasi sahədə rolu, ictimai fəallıqları xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün Azərbaycan qadınları üçün örnəkdir. Onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirir.
Vurğulanır ki, bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə inkişaf edib. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid