REGİONLAR
Mədəniyyət naziri Xızıda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Xızı, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 25-də mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşadan olan sakinlər iştirak ediblər.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sumqayıtdan qəbula gəlmiş sakinlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı şəhərdə “Nəsimi poeziyası” respublika festivalının keçirilməsi, rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin xarici ölkələrdə sərgi və satışının təşkil olunması, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” sənədli-bədii filminin Bakıda təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Abşeron rayonundan qəbula yazılan vətəndaşlar uşaq musiqi və incəsənət məktəblərində axşam şöbələrinin yaradılmasını xahiş ediblər.
Xızı sakinləri rayondakı Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin müasir tələblərə cavab verən yeni binaya köçürülməsi, C.Cabbarlı adına Mədəniyyət Mərkəzinə və ev-muzeyinə direktor vəzifəsinə təyinat, işlə təmin olunma barədə müraciət ünvanlayıblar.
Zəngilan rayonundan olan vətəndaşların müraciəti mədəniyyət müəssisələrində attestasiyanın keçirilməsi və müvəffəqiyyət əldə etmiş kadrların işinin qiymətləndirilməsi barədə olub.
Qubadlı rayonundan qəbula yazılmış vətəndaşlar məcburi köçkün ailələri üçün yeni tikilən yaşayış massivlərində musiqi məktəbləri, klublar və mədəniyyət evlərinin yerləşdirilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.
Niyazi adına Şuşa şəhər incəsənət məktəbinin “Təbəssüm” rəqs qrupunun xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakına köməklik göstərilməsi də xahiş edilib.
Bundan əlavə, qəbulda Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı layihə barədə də müraciət olunub.
Qəbulda müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması məqsədilə nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.