ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində elmi şuranın onlayn iclası keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi şuranın növbəti onlayn iclası keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, iclası universitetin rektoru, professor Ceyran Mahmudova açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Elmi şuranın iclasında 2019-2020-ci tədris ilində məsafədən tədrisin nəticələri və 2020-2021-ci tədris ilində məsafədən tədrisin təşkili, yay imtahan sessiyasının keçirilməsinin, magistr dissertasiyalarının müdafiəsinin nəticələri və yay semestri və yay məktəbinin təşkili məsələləri müzakirə olunub.

Ceyran Mahmudova bildirib ki, Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Sevindirici haldır ki, dərslər dayandırıldıqdan dərhal sonra universitetin professor-müəllim heyəti öz təşəbbüsü ilə dərslərin onlayn şəkildə davam etdirilməsini təmin edib. Əvvəllər müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edərək tədris prosesini aparan müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Teams" platforması vasitəsilə dərslərini daha rahat və sistemli şəkildə keçmək imkanı əldə ediblər. Yay imtahan sessiyası da onlayn şəkildə həyata keçirilib. Mövcud duruma operativ reaksiya verən universitet 500-ə qədər onlayn imtahan təşkil edib. Tələbələrə müəyyən güzəştlər edilib, prerekvizit fənn, qabiliyyət ixtisaslarında baza fənləri və bütün təcrübələr üzrə imtahanlar təxirə salınıb. Magistr dissertasiyalarının müdafiəsi da yüksək səviyyədə təşkil edilib.

İclasda, həmçinin yay məktəbinin təşkili məsələsi müzakirə olunub. Qərara alınıb ki, yay məktəbi ödənişsiz əsaslarla təşkil edilsin və tələbələrə bilik və bacarıqların mənimsənilməsi və müvəffəq qiymətlər alması üçün maksimum şərait yaradılsın.

Rektor belə mürəkkəb bir vaxtda səylə çalışdıqlarına və tədris prosesini ardıcıl və keyfiyyətli şəkildə davam etdirdiklərinə görə universitetin bütün kollektivinə - professor-müəllim heyətinə, inzibati və texniki işçilərinə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.