İQTİSADİYYAT
Media nümayəndələri üçün “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda təlim təşkil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın ictimaiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda missiyanın ötürücü vasitəsi və mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi, maliyyə bazarları və sair mövzularda təlimlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi dekabrın 15-də Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün videokonfrans formatında növbəti təlim keçirilib.
“Mastercard” şirkəti ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərəfindən maliyyə xidmətləri üzrə rəqəmsal həllər və təhlükəsizlik məsələləri mövzusunda hazırlanan reportajların effektivliyinin artırılmasına, nağdsız ödənişlər sahəsində maarifləndirmə, təbliğat tədbirlərinin həyata keçirilməsi işində kömək edəcək.
Təlim iştirakçılarına rəqəmsal ödənişlər sahəsində qlobal səviyyədə baş verən son trendlər, yeni texnoloji innovasiyalar sayəsində daha müasir ödəniş alətlərindən istifadə imkanları, “Mastercard” şirkətinin rəqəmsal ödənişlər üzrə təklif etdiyi innovativ həllər barədə ətraflı məlumat verilib.
Bunlarla yanaşı, kartlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək üzrə daha effektiv təbliğat və təşviqat kompaniyalarının təşkili, əhali arasında maarifləndirmənin artırılması istiqamətində səylərin artırılmasına dair müzakirələr aparılıb.
Təlim zamanı təqdim olunan mövzular barədə jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb, sonda iştirakçılara sertifikatlar təqdim olunub.