ELM VƏ TƏHSİL
Məhəbbət Vəliyeva: Məktəblilərin elmi araşdırmalara və olimpiadalara marağı ildən-ilə artır
Bakı, 12 fevral, AZƏRTAC
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumtəhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. Görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, qurumun müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi Bakıda daha yüksək tədris göstəricilərinə görə fərqlənən məktəblərlə yanaşı, qismən ətraf ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəllim, şagird və valideyn icmasının nümayəndələri ilə görüşmək, müvafiq məsələlərlə bağlı onların fikirlərini öyrənməkdən ibarətdir.
İlk görüş Bakının mərkəzindən təxminən 80 kilometr aralıda yerləşən Qaradağ rayonunun Çeyildağ qəsəbəsindəki Səyavuş Muradov adına 224 nömrəli ümumi orta məktəbdə keçirilib. Qonaqlar sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocağının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüblər.
Görüş zamanı 2017-ci ilin ölkəmizin həyatında bir sıra xüsusi hadisələrlə əlamətdar olduğunu bildirən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” və təhsil nazirinin əmrinə əsasən “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb.
İdarə müdiri qeyd edib ki, bu əlamətdar ildə ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər öz fəaliyyətlərini daha səmərəli təşkil etməli, şagirdlərin tədris göstəricilərinin yüksəldilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin cəmiyyətdə nüfuzuna görə seçilən müəllimlər valideynlərlə əməkdaşlıq istiqamətində daha ardıcıl işlər görməlidirlər. Məktəbin, təhsilin missiyası daha sadə formada izah olunmalı və dövlət təhsil siyasətinin əsas istiqamətləri ictimaiyyətə çatdırılmalıdır.
Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində ən ucqar yaşayış məntəqələrində belə məktəb infrastrukturunun müasir tələblərə cavab verdiyini diqqətə çatdırıb. BŞTİ-nin müdiri vurğulayıb ki, ildən-ilə ümumi təhsilin nəticələri yüksəlir, ali məktəblərə qəbul göstəriciləri yaxşılaşır, məktəblilərin elmi araşdırmalara və olimpiadalara marağı artır. Azərbaycanın təhsil həyatında əldə olunan uğurları heç də təsadüfi deyil. Bu, ölkəmizin sosial-iqtisadi həyatında son 15 ildə qazanılmış nailiyyətlərlə birbaşa bağlıdır. Bütün bunların fonunda təhsil işçiləri öz vəzifələrini həmişə olduğundan daha üstün səviyyədə yerinə yetirməli, nəinki məktəblilərin, eləcə də ictimaiyyətin, cəmiyyətin yolgöstərəni kimi çıxış etməlidirlər.
BŞTİ müdiri dövlətin təhsilə göstərdiyi davamlı qayğının xalqın inkişafına qoyulan ən böyük kapital olduğunu, insanların xoşbəxt gələcəyinə zəmin yaratdığını vurğulayıb. Bildirib ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiqlənmiş Fəaliyyət Planından irəli gələn məsələlər təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. Məqsəd ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.
BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər.
Daha sonra Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbdə görüş keçirilib. Görüşdə M.Vəliyeva ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və digər müvafiq məsələlərdən bəhs edib.
Sonda görüşlərdə müzakirə edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumtəhsil məktəblərini əhatə edəcək.