MƏDƏNİYYƏT
Məhərrəm Qasımlı: Hamılıqla Ali Baş Komandanımızın, ordumuzun yanındayıq
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun ermənilərin hücumuna qarşı əks-həmləsi, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, qətiyyəti və dediyi fikirlər düşünürəm ki, bütöv xalqı bir nəfər kimi ancaq cəbhə, ordu ilə yaşamağa sövq edib. Azərbaycanın bütün ictimaiyyəti Ali Baş Komandanın ətrafında sıx birləşib və biz hər an ordumuzdan yeni, xoş xəbərlər gözləyirik.
30 ildir ki, dədə-baba torpaqlarımız işğal altındadır. Dünyanın da buna susqunluğu, insanların səbrini artıq tükədib. İnanırıq ki, ordumuzun son hədəfi qədim mədəniyyət beşiyimiz Şuşadır. Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımız azad edilməlidir. Bu şərəfli yolda hamılıqla Ali Baş Komandanımızın, ordumuzun yanındayıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
“Ordumuza uğur, zəfər arzu edirik. Çox böyük həyəcanla qələbə xəbərlərini gözləyirik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Unudulmaz Xalq şairi Səməd Vurğun: “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən...” misralarında olduğu kimi biz də bu vətənin, torpağın müsəlləh əsgəriyik. Tanrı şanlı, qüdrətli ordumuzu qorusun!”,- deyə birliyin sədri vurğulayıb.