REGİONLAR
Məktəbli Ülkər Məmmədova: Tur-aksiya zamanı ölkəmizin bölgələrini, onun adət-ənənələrini, tarixi yerlərini daha yaxşı tanıyacağıq
Ağsu, 18 noyabr, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti tur-aksiya çərçivəsində noyabrın 18-də Ağsu şəhərindəki Heydər parkından rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup respublikamızın şimal bölgəsinə yola salınıb.
Yolasalma ərəfəsində Quba, Qusar və Xaçmaz rayonlarına edəcəyi səfərdən razılığını bildirən Ağsu şəhər 1 saylı məktəb-liseyin X sinif şagirdi Ülkər Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “İstər mənim, istərsə də yoldaşlarımın doğma Azərbaycanımız, onun bölgələri barədə hələ bilmədiklərimiz çoxdur. Mən Quba, Qusar və Xaçmaz rayonlarına birinci dəfədir ki, gedirəm. Bu yerlərin həyatı, insanları ilə tanış olacaq, yeni dostlar qazanacaq, adət-ənənələri, tarixi, maddi-mədəni abidələri barədə bilgilər əldə edəcəyik. Səfər zamanı Qubada Qırmızı qəsəbə, erməni vəhşiliklərinin izi olan Soyqırımı Memorial Kompleksi, Tağlı körpü, Qusarda “Şeyx Cüneyt” türbəsi, Çənlibel parkı və digər məkanlarda olacağıq. Bir sözlə, tur-aksiya zamanı ölkəmizin bölgələrini, onun adət-ənənələrini, tarixi yerlərini daha yaxşı tanıyacağıq”.