REGİONLAR
Məktəblilər arasında “Qarabağın döyünən ürəyi - Şuşa!” adlı rəsm və əl işləri müsabiqəsinə start verilib
Hacıqabul, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, Xarıbülbülün vətəni - Şuşa!” adlı tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, orta məktəblərin və məktəb-liseyin bir qrup şagird və müəllimi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Aytən İmanova çıxış edərək, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşanın bu il 270 yaşı tamam olur və Şuşa Azərbaycanın göz bəbəyi, mədəniyyət paytaxtıdır. Diqqətə çatdırılıb ki, Şuşadan, onun azadlığından danışanda Şuşa fatehlərini, 44 günlük Vətən müharibəsində Şuşa uğrunda, ümumiyyətlə, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarını, şəhidlərimizi unutmamalıyıq.
Sonra Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “2022-ci il Şuşa ilidir” adlı videoçarx nümayiş olunub.
Digər çıxış edənlər də “Şuşa ili”nin əhəmiyyəti barədə çıxışlar edib, Şuşanın tarixi, təbiəti, Şuşa qalası, görkəmli şəxsiyyətləri barədə danışıblar.
Sonda Mərkəzin direktoru Aytən İmanova Heydər Əliyev Mərkəzi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunmuş “Qarabağın döyünən ürəyi - Şuşa!” adlı rəsm və əl işləri müsabiqəsi haqqında məlumat verib, məktəbliləri müsabiqədə iştirak etməyə səsləyib.