İDMAN
Məmməd Abdullayev: Taekvondoçumuzun “Buenos-Ayres 2018”də bürünc medal qazanması böyük nəticədir
Bakı, 10 oktyabr, AZƏRTAC
Taekvondoçumuz Cavad Ağayevin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanması böyük nəticədir. Həmin medal gümüş və qızıl da ola bilərdi. Lakin idmançımız çempionluq şansını son saniyələrdə əldən verdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclərdən ibarət taekvondo üzrə yığma komandamızın baş məşqçisi Məmməd Abdullayev idmançımız Cavad Ağayevin Buenos-Ayresdə çıxışı barədə danışarkən deyib.
Baş məşqçi bildirib ki, Cavadın qalib gəldiyi iranlı idmançı çox böyük uğurları ilə tanınır. Belə ki, son yarım ildə Hamed Aşqari bütün yarışları məğlubiyyətsiz başa vurub. O, dünya çempionu və bu Oyunlara vəsiqə verən yarışın qalibidir. Belə bir rəqibi mübarizədən kənarlaşdırmaq özü böyük bir nailiyyətdir.
“Cavadın böyük gələcəyi var. O, qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmaq əzmindədir. Sevinirik ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yığma komandamıza medal bəxş edən idman növləri arasında taekvondonun da adı çəkiləcək. Bilirsiniz ki, dörd il əvvəl Nankində təşkil olunan analoji yarışlarda taekvondoçularımız bir qızıl və bir gümüş medal əldə etmişdilər. Bu, o deməkdir ki, yeniyetmə taekvondoçularımız böyük potensiala malikdirlər”, - deyə Məmməd Abdullayev əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisinin hesabında 1 qızıl və 1 bürünc medal var. Qızıl medalı millimizə cüdoçu Vüqar Talıbov qazandırıb.