MƏDƏNİYYƏT
Menekşe Polad Serbest: Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Türkiyəni 22 nəşriyyat təmsil edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 22 nəşriyyat iştirak edir. Biz də "Humanist" nəşriyyatı olaraq onlardan biriyik. Nəşr etdiyimiz kitablar daha çox iş adamlarının maraq dairəsindədir. Əsasən biznesinin idarə edilməsindən bəhs edən kitablar nəşr edirik. Baxıram ki, sərgidə bu istiqamətdə kitablarla təmsil olunan yeganə nəşriyyat bizik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin "Humanist" nəşriyyatının təmsilçisi Menekşe Polad Serbest deyib.
Sərgidə iştirakından məmnunluğunu bildirən xanım deyib: “Bu gözəl kitab festivalının bir hissəsi olduğumuzdan çox xoşbəxtik. Gözoxşayan kitab sərgi-yarmarkası qarşılıqlı iştirak, müəlliflərin səfərlərinin təşviqi, kitabxanaçılıq sahəsində təcrübə mübadiləsi, habelə ortaq mədəni dəyərlərin və görkəmli şəxsiyyətlərin irsinin təbliği istiqamətində qarşılıqlı fəaliyyəti ehtiva edir. Eyni zamanda, xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına geniş imkanlar yaradır. Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Burada bir çox ölkədən nəşriyyatlar var. Azərbaycan Mədəniyyət Nazirliyi sərginin yüksək səviyyədə keçirilməsi üçün naşirlərə maksimum dəstək göstərir. Biz buna görə səmimi qəlbdən təşəkkürümüzü bildiririk və bunu çox yüksək qiymətləndiririk”.