CƏMİYYƏT
Mənəvi dəyərlərimizin təbliğində maarifçilik məsələlərinin əhəmiyyəti müzakirə olunub
Bakı, 3 avqust, AZƏRTAC
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz milli varlığımızdır: maarifçilik əsas təbliğat vasitəsi kimi” mövzusunda tədbir keçirilib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin muzeyində ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin əməkdaşı Nazilə Rəhimova bildirib ki, hər bir cəmiyyətin varlığı üçün onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılması vacibdir. Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən, multikultural dəyərləri ilə seçilən, birgə yaşamaq modelini nümayiş etdirən, müasirləşən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə böyük diqqət göstərir.
TUMİB-in sədri Çingiz Bayramov qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması xalqımızın, dövlətimizin inkişafı və möhkəmlənməsi üçün vacibdir. Xalqımız hər zaman milli dəyərlərə sadiq olub və bu dəyərləri əsrlər boyu qoruyaraq inkişaf etdirib. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə multikultural dəyərlərimizin ətraflı öyrənilməsi və təbliğində mühüm rol oynayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Anar Məcidzadə çıxışında təmsil etdiyi qurumun və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun müvafiq sahədə gördüyü işlərdən danışıb. O diqqətə çatdırıb ki, Fond Azərbaycanda mənəvi dəyərlərin qorunması və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir. Mənəvi dəyərlərin təbliğində müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları da fəal rol oynayırlar.
Digər çıxışlarda da mənəvi dəyərlərimizin təbliğində maarifçiliyin, geniş məlumatlandırma işinin aparılmasının önəmi vurğulanıb, bu baxımdan belə tədbirlərin vacibliyi qeyd olunub.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.