ELM VƏ TƏHSİL
Mentorluq proqramına ilk peşə-ixtisas təhsili müəssisələrinin 21 şagirdi cəlb olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzinin birgə təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şagirdlər üçün mentorluq proqramı təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqrama müxtəlif ixtisaslar üzrə təhsil alan 21 şagird cəlb olunub. Proqramın sonunda şagirdlərə sertifikat verilib.
Tədbir dövlətimizin başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqi, ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi üçün kiçik və orta sahibkarlıq üzrə subyektlərlə ilk peşə-ixtisas təhsili müəssisələri arasında əlaqələndirmənin yaxşılaşdırılması çərçivəsində təşkil olunub.