CƏMİYYƏT
Mənzillə təmin olunan şəhid ailəsi bunu dövlət qayğısının ifadəsi hesab edir
Bakı, 23 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan şəhərində təqdim olunan mənzillərdən biri də Məsmə Tofiq qızı Hüseynovaya verilib. O, rayonda yeni mənzillərlə təmin edilən 10 şəhid ailəsindən biridir.
Vətən müharibəsi şəhidi Aqil Hüseynovun həyat yoldaşı olan Məsmə xanım AZƏRTAC-ın müxbirinə deyib: “Aqil hərbçi peşəsini çox sevirdi. Ona görə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmuşdu. O, Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətini başa vurandan sonra bir neçə ay idi ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirirdi... Aqil 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində rabitəçi kimi Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovla birgə döyüşüb. Oktyabrın 7-də Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirdiyi zaman şəhid olub. Beyləqan rayonunda dəfn edilib”.
Aqil ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidin həyat yoldaşı ailənin mənzilə ehtiyacı olduğunu deyib: “Aqil 7 yaşlı Tahiri və 3 yaşlı Yusifi mənə əmanət qoyub gedib. Bizə təqdim olunan ikiotaqlı mənzili Aqilin xatirəsinə göstərilən dövlət qayğısının bir nümunəsi hesab edirəm. Onun övladlarını da onun adına layiq böyütməyə çalışacağam”.