QAN YADDAŞI
Mərakeş mətbuatı: Xocalı qətliamı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir
Rabat, 4 mart, AZƏRTAC
Mərakeş “Jisr Press”, “Al-Ahdat”, “AMA Presse”, “Azfaklaam”, “HİBA Press”, “Azilalzoom” kimi internet mediasında “Ərəb Məğribinin Sədaları” internet jurnalının baş redaktoru Rəşid Moulidin müəllifliyi ilə “Azərbaycan səfirliyi Xocalı qətliamı ilə bağlı anım tədbiri keçirdi” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğu vurğulanır. Bildirilir ki, bu qətliam yaddaşlardan heç vaxt silinməyən Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir.
Azərbaycan xalqına qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən danışan səfir Oktay Qurbanov bu cür cinayətlərin təkrarlanmaması üçün Xocalı soyqırımının dünyada tanıdılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyası onlarla ölkədə dəstək qazanıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat