İQTİSADİYYAT
Mərkəzi Bank və Dünya Bankı Qrupu yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırıb
Bakı, 1 iyun, AZƏRTAC
Mərkəzi Bank və Dünya Bankı Qrupu yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Dünya Bankı Qrupu ilə əməkdaşlıq çərçivəsində bu il fevralın 15-dən martın 30-dək 18-25 yaşlı gənclər arasında "Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar" adlı birgə yaradıcılıq müsabiqəsi keçirib. Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək mövzuya uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etmək olub.
Müsabiqəyə təqdim edilmiş işlər Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssisləri tərəfindən müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilib və I yer üzrə 1 iş, II yer üzrə 2 iş və III yer üzrə 3 iş müəyyənləşdirilib. Ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Mərkəzi Bank ölkə gənclərinin cəmiyyətin iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi" prioritetinin icrasını təmin etmək məqsədilə mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.
Müsabiqə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan Dünya Bankı Qrupunun Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi tərəfindən dəstəklənib.