İQTİSADİYYAT
Mərkəzi Bank yeni məsafədən kurslar hazırlayaraq istifadəyə verib
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda, maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın Virtual Təhsil Platformasında (VTP) (https://edu.e-cbar.az/) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində bankın əməkdaşları tərəfindən “Kapital bazarlarının əsasları” və “Avtoicbari sığorta” mövzularında iki məsafədən kurs hazırlanaraq istifadəyə verilib. Eyni zamanda, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində aktual mövzularda yeni məsafədən kurslar da hazırlanıb. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Agent bankçılıq: mahiyyəti, riskləri və həyata keçirmə üsulları” və “Əhalinin rəqəmsal maliyyə savadlılığı” mövzularında, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda yeni kurslar əhalinin istifadəsinə verilib.
Qeyd edək ki, Mərkəzi Bankın Virtual Təhsil Platforması iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır. VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib videomühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər. Mərkəzi Bank tərəfindən təqdim olunan məsafədə kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilər üçün xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yekun qiymətləndirmə imtahanı da hazırda videoformatda həyata keçirilir və bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. Videoformatda keçiriləcək yekun imtahanda məqbul bal toplamış dinləyicilər müvafiq sertifikatla təmin olunur. Mərkəzi Bankın Virtual Təhsil Platforması ilə bağlı müraciətlər “[email protected]” elektron ünvanına göndərilə bilər.