ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana İlahiyyat İnstitutu ilə “Açıq kitabxana” layihəsini reallaşdırıb
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan olması, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində “Naxçıvan ensiklopediyası”, “Qobustan - minilliklərin kitabı”, “Qədim qalanın yuxuları”, “Təbrizin sehrli nağılları”, “Türk xalqları ədəbiyyatı” kitabları, habelə S.Vurğunun, S.Ə.Şirvaninin, M.Müşfiqin seçilmiş əsərləri və digər nəşrlər MEK tərəfindən Azərbaycan İlahiyyat İnstitutuna verilib.
Qeyd edək ki, MEK layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes Məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizliyi Xidmətinə, Pirallahı Rayon İcra Hakimiyyətinə, Azərbaycanın Özbəkistandakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədilə kitablar təqdim edib.