İDMAN
Mert Gürer: Bakıda medal qazanaraq azarkeşlərin etimadını doğrultmaq istəyirəm
Bakı, 16 fevral, AZƏRTAC
Artıq ikinci dəfədir ki Bakıda turnirə qatılıram. Burada özümü evdəki kimi hiss edirəm. Tamaşaçıların fəal dəstəyini hiss etdim. Bu hisslərə görə minnətdaram.
Bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının türkiyəli iştirakçısı Mert Gurer AZƏRTAC-a müsahibəsində deyib.
Batut yarışlarında fərdi proqramda çıxışını qənaətbəxş hesab edən gimnast bildirib: “Dünya Kuboku yarışlarına geniş heyətlə qatılmışıq. Mükafatçılar sırasında yer almaq şansımız var. Bakıda medal qazanaraq, azarkeşlərin etimadını doğrultmağa çalışıram”.
Altı ildir gimnastika ilə məşğul olduğunu xatırladan M.Gürer Bakının gözəlliyinin onu heyran etdiyini diqqətə çatdırıb.
2019-cu və 2020-ci illərdə batut gimnastikası üzrə Olimpiadaya təsnifat xarakterli 8 Dünya Kuboku yarışları keçiriləcək. Bakı bu turnirlərdən ikisinə ev sahibliyi edəcək.