CƏMİYYƏT
“Məşğulluq” altsistemi fəaliyyətə başlayır
Bakı, 23 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.
“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.
Siyahıda peşəsinə, əmək bacarığına və istəyinə uyğun vakansiya tapmayanlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özünüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti də olacaq.