MƏDƏNİYYƏT


Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib

Bakı, 27 yanvar, AZƏRTAC

Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman görkəmli şairə Xurşidbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Dünya şöhrətli fotoqraf özünün “Instagram” səhifəsindəki paylaşımında qeyd edib ki, Azərbaycan şairəsi Xurşidbanu Natəvan 1832-ci ildə Şuşa şəhərində anadan olub. R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın sonuncu xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərinə su təminatını həyata keçirən və o dövr üçün mühəndislik incisi hesab olunan boru xəttinin çəkilməsinə sərf edib. 1897-ci ildə vəfat edən şairə Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.

Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edir. Ağdamın erməni işğalından azad edilməsindən sonra bu yerləri ziyarət edən Reza Deqati paylaşımında yazır: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını gördüm. Onun sümükləri də qəbrindən çıxarılıb aparılmışdı”.

Məqbərəyə qarşı həyata keçirilən vandalizmi diqqətə çatdıran fotoqraf qarşılaşdığı mənzərədən dərin sarsıntı keçirdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.