İQTİSADİYYAT
“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanılıb VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində xeyriyyə tədbiri təşkil edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan Sosial Müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb.
Diqqətə çatdırılıb ki, burada mənzillə təmin edilən məzunlardan 40-dan çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə 70 nəfərdən çox uşaq böyüyür. Hazırda “Məzun evi” Sosial Müəssisəsi üçün daha bir 120 mənzilli yaşayış binası da inşa olunur.
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bayram təbriklərini çatdıran agentliyin aparat rəhbəri Tariyel Pənahov qeyd edib ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır.
Xeyriyyə tədbirində “Məzun Evi” Sosial Müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanıb. Məzun evinin sakinləri isə öz növbəsində, əziz bayram münasibətilə təşkil olunan xeyriyyə tədbirini, bu xoş məramı dövlətin onlara qayğısı kimi qiymətləndiriblər.