REGİONLAR
Mikayıl Cəfərzadə: Azərbaycan gəncləri beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir
Lənkəran, 11 avqust, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan gəncliyi bu gün Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə, Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Yəni, Azərbaycan gəncləri beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Bu, böyük nailiyyətdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə bildirib.
Azərbaycanın öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşadığını vurğulayan M.Cəfərzadə ölkəmizin dünya birliyində layiqli yerini tutduğunu bildirib. O qeyd edib ki, dövlət müstəqilliyinin və suverenliyin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli kimi bir çox işlərin yerinə yetirilməsində gənclərin də üzərinə böyük vəzifələr düşür.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır”, - deyə o qeyd edib.