İQTİSADİYYAT
Milli İnternet Mükafatı – "Milli Net 2018" uğrunda mübarizə başladı
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-dən Milli İnternet Mükafatı - "Milli Net 2018" uğrunda mübarizəyə start verilib.
"Milli Net"in Təşkilat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər. Ötən illərdə "Milli Net"də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.
Bu il "Milli Net 2018" yarışması saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla 19 nominasiya üzrə keçiriləcək. Saytların qiymətləndirilməsini üç istiqamət üzrə (kontent, dizayn və texnoloji) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Mobil tətbiqlər və sosial media resurslarını isə ekspertlər və sahə üzrə mütəxəssislər qiymətləndirəcək. Hazırda münsiflər heyətinin və ekspertlərin formalaşdırılması prosesi davam edir.
Müsabiqəyə texniki və informasiya dəstəyi üçün "Milli Net TK" tərəfindən media support və moderatorlar qrupu yaradılıb. Qaydalara uyğun olaraq münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir.
Münsiflər heyətinin yekun səsvermə zamanı verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Qiymətləndirmə prosesi iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar. Müsabiqədə 19 nominasiyanın hər biri üzrə qalib gələnlərə "Milli Net"in xüsusi mükafatı - hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "Milli Net"in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabrın 20-də başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 14-dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
"Milli Net"in baş sponsoru "Azertelecom" şirkətidir.