MƏDƏNİYYƏT
Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günüdür” mövzusunda sərgi açılıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “15 İyun - Milli Qurtuluş Günüdür” mövzusunda kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov sərgi haqqında məlumat verib. Qeyd edilib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov deyib ki, azərbaycançılıq məfkurəsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salan S.Hüseynov 1969-1986-cı illəri sovet rejimi dövrü, 1987-1990-cı illəri keçid dövrü, 1991-2003-cü illəri Azərbaycanın dövlət müstəqilliyinin bərpası dövrü kimi səciyyələndirib, ümummilli lider Heydər Əliyevin siyasətdə atdığı qəti və inamlı addımları təhlil edib.
Sərgidə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və digər dillərdə 200-dək ədəbiyyat nümayiş olunur.