MƏDƏNİYYƏT


Milli Kitabxanada “İstiqlal şairi Əhməd Cavad” adlı elektron məlumat bazası hazırlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Əhməd Cavadın 130 illiyi münasibətilə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İstiqlal şairi Əhməd Cavad” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/AhmedCavad/index.html linkindən istifadə edə bilərlər.

Ədəbi mühitdə və geniş ictimaiyyətdə, həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib.

Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Azərbaycan və ana mövzusu ilk dəfə Ə.Cavadın şəxsində işlənib.

Böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı, hüquqları çeynənən bir ölkənin haqq səsi oldu. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilmədi. O, bir dəfə də olsun xalqına və qələminə xəyanət etmədi. Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşımızdan heç zaman silinməyəcək…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.