İQTİSADİYYAT


Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Məclisdə aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəlik barədə məlumat verib. Bildirib ki, ölkəmizdə Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar gündəlikdəki dörd qanuna dəyişiklik edilməsi zərurəti meydana gəlib.

İclasda həmin layihələri təqdim edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə deyib ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından Torpaq Məcəlləsində və “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsində məqsəd bu ilin 18 may tarixində qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirməkdir.

Qeyd olunub ki, Ələt azad iqtisadi zonası xüsusi qaydada fəaliyyət göstərəcək və bir sıra fərqli cəhətlərə malik olacaq ərazi olduğundan orada tətbiq ediləcək qaydalar da ölkənin digər yerlərindəki qaydalardan fərqlənəcək. Bu ərazidə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn qaydalara üstünlük veriləcək. Azad Zonada maliyyə, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı, müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət kimi bir sıra sahələrə, o cümlədən torpağa və sığortanın stimullaşdırılmasına dair münasibətləri tənzimləyən məcburi xarakterli daxili qaydalar qəbul ediləcək.

Vilayət Əlizadə diqqətə çatdırıb ki, torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul olunacaq qaydalarda Azad Zonanın torpağı ilə bağlı prosedurlar, bu torpağa dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və digər hüquqların yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri, Azad Zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən özünün reyestrinin aparılması və digər məsələlər göstəriləcək. Azad Zona torpağına dair bütün hüquqlar bu reyestrdə qeydiyyata alınacaq. Bütün bunların hüquqi tənzimlənməsi üçün torpaq icarəsi, torpaqların dövlət ehtiyacları üçün alınması və kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunlara, həmçinin Torpaq Məcəlləsinə müvafiq əlavələr təklif olunur.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.