CƏMİYYƏT
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra layihələrə baxılıb VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi və bir neçə qanuna təklif olunan dəyişikliklər müzakirə edilib.
Komitənin sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib.
Milli Məclisin deputatı Rafael Cəbrayılov Konstitusiya qanunu layihəsini təqdim edib. O, sözügedən layihənin çox vacib bir sənəd olduğunu deyib. Bildirilib ki, layihəyə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilir. Belə ki, Konstitusiya Məhkəməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barədə qəbul etdiyi qərarların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsini həll edəcək.
Müzakirələr zamanı bildirilib ki, belə bir sənədin olması insan hüquqları sahəsində Azərbaycana qarşı onsuz da mövcud olan ikili standartların qarşısını alacaq. Lakin layihə hələlik plenar iclasa tövsiyə edilməyib. Bu qanun layihəsi barədə ayrıca müzakirə keçiriləcəyi diqqətə çatdırılıb.
Sonra “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Layihədə 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib. Lakin qeyd olunub ki, sənəd Milli Məclisdə bir neçə oxunuşda qəbul edilənə qədər xeyli təkmilləşdirilməlidir. Bu sahədə yerli mütəxəssislərin rəyinin, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb.
İclasda “İnzibati icraat haqqında” Qanunda, eləcə də Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılıb. Qanunvericilik bazasının uyğunlaşdırılması baxımından təklif olunan redaktə və texniki xarakterli düzəlişlər komitə üzvləri tərəfindən qəbul edilib. Məsələlərin hər biri ayrılıqda Milli Məclisin plenar iclasına tövsiyə olunub.