REGİONLAR
Milli Ordumuz Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin qoruyucusudur
Naxçıvan, 9 iyul, AZƏRTAC
Milli Ordumuz Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin qoruyucusudur. Bu gün bizim ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Milli Ordumuzda xidmət etmək Vətənə xidmətdir. Buna görə də bugünkü gənclərimiz xidmət dövrü hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.
Valideyn Sevindik Əhmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, çağırışçı gənclərə uğurlar arzulayıb.
Çağırışçılar adından çıxış edən Sadiq İmanov Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, şərəflə xidmət edəcəklərinə, verilən tapşırıqları layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov çağırışçılara xidmətlərində uğurlar diləyib.
Sonda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. Güclü ordu isə düşməni hər an yerində oturtmağa qadir bir komanda deməkdir. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.