İDMAN
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 20-dən 27-dək Qazax rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” devizi altında mini futbol üzrə açıq Qazax rayon turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarış Qazax Olimpiya İdman Kompleksində baş tutacaqdır.
Turnirin əsas təşkilatçısı “İnter Sekyuriti” MMC-dir. Belə ki, Milli Qəhrəman Mübariz İbrahimov hərbi xidməti başa vurduqdan sonra “İnter Sekyuriti” MMC-yə işə qəbul olmuş və 2009-cu ilədək həmin şirkətin nümunəvi əməkdaşı olmuşdur. Şirkət rəhbərliyi hər il Mübariz İbrahimovun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər təşkil edir.
Mini futbol üzrə açıq Qazax rayon turnirinin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtların səmərəli istifadə edilməsinin təşkili, milli mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda bu idman növünün inkişaf etməsinə nail olmaqdır.
Yarışda 18 komanda iştirak edəcəkdir. Yekunda fərqlənən komandalara kubok, medal, diplom, müxtəlif hədiyyələr və pul mükafatı veriləcəkdir.