MƏDƏNİYYƏT
Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edən “Qartal yuvası” sənədli-bədii filminin çəkilişləri başa çatmışdır.
Filmin rejissoru və prodüseri Elnur Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman - Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarına işıq salır.
Qazax, Füzuli və Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor, filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrıldığını bildirmişdir.
Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.
Film “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi ilə çəkilir.
“Qartal yuvası” rejissorun Milli Qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Daha əvvəl o, Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanının şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”nı ekranlaşdırmışdır. E.Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülmüşdür.