REGİONLAR
Milli Qurtuluş Günündən başlanan yolun uğurla davam etdirilməsi bölgələrimizin müasirləşməsinə yol açıb
Şərur, 11 iyun, AZƏRTAC
Ulu Öndərimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr yüksələn xətlə inkişaf edir. Bu inkişafı Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olur. Ötən illərdə olduğu kimi, bu il də Şərur rayonunda mühüm əhəmiyyətə malik sosial obyektlərin istifadəyə verilməsi, əhalinin maddi-rifah halının ildən-ilə daha da yaxşılaşdırılması Milli Qurtuluş Günündən başlanan yolun uğurla davam etdirilməsinin nəticəsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar keçirdiyi tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin deputatı Əmir Babayev deyib. Ötən günlərdə istifadəyə verilən Bayraq Meydanında keçirilən tədbirdə Əmir Babayev bildirib ki, ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərində ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atıb. Yüz illər keçsə də, dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin adı, amalları və əməlləri Azərbaycanın özü kimi əbədi olacaq.
Qeyd edilib ki, ölkəmizdə və muxtar respublikamızda əldə olunan bütün nailiyyətlər Milli Qurtuluş Gününün bəhrələridir. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi də əsası Ulu Öndərimiz tərəfindən qoyulan strateji inkişaf xəttinin bütün sahələr üzrə uğurla davam etdirilməsinin nəticəsidir. Vətən müharibəsində şərurlu gənclər də döyüş meydanında böyük şücaətlər göstərib, şəhidlik zirvəsinə ucalıblar.