REGİONLAR
Mingəçevir Dövlət Universiteti Qazaxıstanda keçirilən beynəlxalq konfransda təmsil olunub
Bakı, 8 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetinin (Kazakh National Agrarian Research University - KazNARU) təşkilatçılığı ilə keçirilən “Biznesin qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təmsil olunub.
MDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın işində 100-ə yaxın xarici və yerli alim, işəgötürənlər, dövlət qurumlarının nümayəndələri, qiymətləndirici-mütəxəssislər, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.
Konfransı açan KazNARU-nun prorektoru Primkul İbrahimov iştirakçılara məhsuldar iş, konstruktiv dialoq və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Sonra Özbəkistanın Almatıdakı Baş konsulu Abror Fathullayev, MDU-nun rektoru Şahin Bayramov, eləcə də bir sıra xarici və yerli universitetlərin idarəedici heyət üzvləri çıxış ediblər.
Rektor Ş.Bayramov beynəlxalq konfransın mövzusunun aktuallığından və elmi əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışıb. MDU-nun modernləşdirilməsi, iqtisadiyyat və idarəetmə profilli kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verən Ş.Bayramov KazNARU ilə işbirliyinə önəm verdiklərini qeyd edib və konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
Gün ərzində hibrid formatda davam edən konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğız Respublikası, Ukrayna, İndoneziya, Rusiya, Litva, Oman, Polşa və digər ölkələrdən olan alimlərin elmi məruzələri dinlənilib.
MDU əməkdaşlarından Vüqar Mustafayev “Azərbaycan biznes mühitində konsaltinq şirkətlərinin rolu”, Nüşabə Qədimli “Təşkilatda auditin aparılmasının əsas üsulları” və Nazim Niftəliyev “Rəqəmsal iqtisadiyyatda Azərbaycanın sənaye müəssisələrinə xas risklər və onların optimallaşdırılması yolları” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, KazNARU ilə MDU arasında əməkdaşlığa cari ilin iyul ayında başlanılıb.