REGİONLAR
Mingəçevir Dövlət Universitetinin tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib
Bakı, 27 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “Şəhid şəhər Xocalı” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbir Xocalı faciəsində amansızca qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İyirmi doqquz il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli Xocalı qətliamı barədə danışan tələbə gənclər məhz şəhidlərimizin canı və qanı bahasına, yenilməz iradəsi sayəsində qazanılmış qələbəyə görə bu gün Xocalı qurbanlarının ruhunun şad olduğunu bildiriblər.
Tədbirdə qonaq qismində çıxış edən Birinci Qarabağ müharibəsi iştirakçısı, hərbi jurnalist Daşqın Abdullayev informasiya blokadası dövründə Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında, terrorçu erməni dövlətinin əsl simasının ifşa edilməsində hərbi reportyorların şücaətindən və lentə aldıqları görüntülərin əhəmiyyətindən bəhs edib.
Sonra tələbələrin ifasında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib, “Şəhid şəhər Xocalı” adlı virtual rəsm sərgisi keçirilib. Sərgidə Xocalı soyqırımının acı mənzərələrini əks etdirən şəkillər nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının təhsil nazirinin 2 fevral 2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.