REGİONLAR
Mingəçevirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 22-də Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Göyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. QHT-lərin inkişafı üçün zəruri imkanların yaradıldığını bildirən S.Əliyev yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərini deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lərin ictimai problemlərin həllində iştirakları, təşəbbüskarlıqları il-ildən daha da artmaqdadır. V.Quliyev regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Şura sədrinin müavini Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələnin əsasını qoyduğunu bildirib.
V.Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib. Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyətin həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. Həmçinin QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun.
Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. İcraçı direktor Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca tərəfdaşına çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib.
Digər çıxış edənlər də QHT-hökumət münasibətlərinin inkişaf etdirilməsi və layihələrin icra prosesində qarşılaşdıqları məsələlər haqqında təkliflərlə çıxış ediblər.