CƏMİYYƏT
Mingəçevirdə taksi fəaliyyəti ilə məşğul olan COVID-19 xəstəsi saxlanılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Loğman Səfərovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Lakin L.Səfərov xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub. O, yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub.
Polis əməkdaşları həmin şəxsi idarə etdiyi avtomobillə şəhər ərazisində saxlayıblar. Əraziyə təcili tibbi yardım briqadası dəvət olunub və L.Səfərov yaşadığı ünvana geri qaytarılıb.
Onun barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.