SİYASƏT
Minlərlə insanın orduya könüllü yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir
Bakı, 29 sentyabr, AZƏRTAC
Ölkəmizdə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqla yanaşı, xalq, dövlət və ordu birliyindən xəbər verir. Bu, eyni zamanda, erməni təxribatlarına adekvat cavabdır və yaşından, sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib.
Azərbaycanda hərbi vəziyyətin elan edilməsinin düşmən mediasının təbliğ etdiyi kimi, militarist ritorikanın davamı deyil, əslində, erməni işğalının qarşısının alınması siyasətinin davamı olduğunu vurğulayan S.Vəliyeva deyib: “Azərbaycan Ermənistandan fərqli olaraq mülki şəxslərə, uşaqlara, qadınlara, yaşlılara atəş açmır. Lakin Ermənistan son 3 gün ərzində bir neçəsi uşaq olmaqla 20-dən mülki vətəndaşın həyatına son qoyub. O zaman sual yaranır: Hansı dövlət militaristdir? Əlbəttə ki, Ermənistan. Azərbaycan isə bəyan etdiyi dəyərlərə sadiqdir. Ermənistandan fərqli olaraq işğalçılıq siyasət yürütmürük. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərimizdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə, regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır”.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır”, - deyən deputat əlavə edib ki, ölkədə hərbi vəziyyətin elan olunması və Fərmanın xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu, həmçinin Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması deməkdir.
“Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduğuna dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bu səbəbdən də milli birliyimizin, haqq-ədalət uğrunda mübarizəmizin göstəricisi olan “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşımızın borcu və şəxsi məsuliyyətidir”, - deyə Sədaqət Vəliyeva vurğulayıb.