CƏMİYYƏT
“Miqrasiya Məktəbi-3” layihəsinin iştirakçıları Dövlət Miqrasiya Xidmətinin bir sıra struktur bölmələri ilə tanış olublar
Bakı, 5 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, növbəti təlim “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Çağrı mərkəzində işin təşkili” və “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti” mövzularında reallaşıb. İştirakçılar vətəndaşların qəbulu və müraciətlərinə baxılması, Çağrı mərkəzi və Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Onlara müvafiq struktur bölmələrin iş prinsipləri, fəaliyyət istiqamətləri, yazılı və elektron müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası haqqında məlumat verilib. Həmçinin Çağrı mərkəzində işin təşkili, bütün xidmət növlərinin əlçatanlığı, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər izah olunub. Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində isə iştirakçılar yaradılan şərait, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılıblar.