CƏMİYYƏT
“Miqrasiya məktəbi-3” layihəsinin icrasına başlanıb
Bakı, 12 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən “Miqrasiya məktəbi-3” layihəsinə qəbulla bağlı elan edilən müsabiqədə uğur qazanmış 21 gənclə onlayn formatda görüş keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ilk dərs günündə layihə iştirakçıları ilə görüşən Xidmət rəisi Vüsal Hüseynov gənclərə uğurlar arzulayıb, kursun onların miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verəcəyini deyib. Bildirib ki, ölkənin inkişafı, həmçinin təhlükəsizliyi baxımından miqrasiya proseslərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir və bu sahədə savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir. Məhz tədris proqramı çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Xidmətin struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacaq.
Sonra layihə barədə təqdimat olub.
Altı ay davam edəcək tədris proqramının məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, gənclərə peşəkar vərdişlər aşılamaq və onları dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.
Tədris prosesində gənclər üçün həm praktik məşğələlər, həm də Xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacaq. Təlimləri DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tədris edəcəklər.