ELM VƏ TƏHSİL
Miqrasiya orqanlarına qəbul imtahanının nəticələri açıqlanıb
Bakı, 1 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün iyulun 31-də keçirdiyi test imtahanın nəticələri açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 357 nəfərdən 23-ü imtahana gəlməyib. Namizədlər imtahan nəticələri ilə DİM-in saytında tanış ola bilərlər.
İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50-si qanunvericilik, 10-u Azərbaycan tarixi, 10-u Azərbaycan dili, 10-u kompüter bilikləri, 20-si isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər sualın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilib.
Test imtahanının nəticələrinə əsasən, 125 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 2-4 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.