CƏMİYYƏT
Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdindəki kursların tələbələri Qahirə Beynəlxalq Forumunda iştirak ediblər
Qahirə, 28 iyun, AZƏRTAC
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kurslarda təhsil alan tələbələr Beynəlxalq Ərəb Xəttatlığı və İslam Dekorasiyası Forumunda uğurla iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən Qahirədə təhsil alan gənclərin xəttatlıq və dekorasiya üzrə əl işlərinin nümayiş etdirildiyi forumda professor Hassaneyn Muxtarın rəhbərlik etdiyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin tailandlı, indoneziyalı və misirli tələbələrin təqdim etdikləri nümunələr yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətdə indiyədək 40 ölkədən 1500-ə yaxın tələbə təhsil alıb və hazırda 35 ölkədən 400-dən çox gənc ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya fənləri tədris olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə