SİYASƏT
Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilib
Qahirə, 13 iyun, AZƏRTAC
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri, orada yaşayan azərbaycanlı ailələr və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycan həqiqətlərinin çatdırılması məqsədilə görülən işlərdən söhbət açıb.
Misirdəki səfirliyimizin əməkdaşı Emil Rəhimov Azərbaycan dilinin Misirin mötəbər universitetlərində 600-dən çox tələbəyə öyrədilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Bu fəaliyyətlərin ölkəmizi tanıtmaq istiqamətində mühüm amillərdən biri olduğunu bildirib.
Rəsmi hissədən sonra, iftar süfrəsi açılıb və uşaqlara hədiyyələr təqdim olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə