DÜNYA
Misirdə pandemiya şəraitində keçirilən seçkilərdə yüksək fəallıq müşahidə olunub FOTOREPORTAJ
Qahirə, 13 avqust, AZƏRTAC
Misirdə COVID-19 pandemiyası şəraitində Senata keçirilən seçkilərdə əhalinin yüksək fəallığı müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi seçki məntəqələrinə 2858 təcili tibbi yardım briqadası və 11 suda üzən təcili tibbi yardım qayığı cəlb edib. İki gün davam edən səsvermədə paytaxt Qahirədə və vilayətlərdə 7 mindən çox tibbi personal seçicilərin sağlamlığının qorunması üçün növbə çəkib. Seçki məntəqələrində dezinfeksiyaedici maddələr və qoruyucu maskalar paylanılıb, həmçinin insanların sosial məsafəyə riayət etməsinə diqqət yetirilib.
Sağlamlığın qorunması ilə bağlı tədbirlərlə yanaşı, Misir ordusu 14 min seçki məntəqəsində asayişin qorunması, habelə terrorçuların təxribatının qarşısının alınması üçün zirehli texnikanın köməyi ilə növbələr təşkil edib.
Misirin Milli Seçki Komissiyası dünyanın 124 ölkəsində (Liviya, Suriya, Yəmən istisna olmaqla) yerləşən səfirliklərdə ölkə vətəndaşlarının Konstitusiya hüququndan istifadə etmələri üçün seçki məntəqələri yaradıb.
Misir Senatına seçkilərin ilk rəsmi nəticələri avqustun 16-da elan ediləcək. Qanuna əsasən, parlamentin yuxarı palatasında təmsil olunacaq 300 senatorun üçdəbirini ölkə Prezidenti təyin edəcək. Həmçinin Senatda qadınların təmsilçiliyi kvotası (25 faiz) da müəyyənləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə